Qeyri-neft nefti keçəcək | TƏHLIL

// ÜDM-in strukturunun dinamikası bunu gözləməyə əsas verir

Qeyri-neft nefti keçəcək    | TƏHLIL
  13 İyul 2022    Oxunub:1960
İlin birinci yarısı geridə qalıb. İnflyasiya əvəlkitək öz işində olsa da ümumi daxili məhsul (ÜDM) istehsalı artmaqda, qeyri neft-qaz sektoru isə bunun daxilində dominant rol oynamaqda davam edir. Yəni, qısa yazmalı olsam, bahalaşmaya rəğmən, vəziyyət qənaətbəxş sayılır. Ən çox sevindirici və ümidverici hal odur ki, qeyri-neft-qaz sektoru üzrə əlverişli dinamik situasıya davam edir.
Bunun ümdə göstəricisi ixrac sayılır. Belə ki, 2022-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycandan ümumən 18 mlyard 500 milyon ABŞ dollarlıq məhsul ixrac edilibsə, qeyri-neft sektoru üzrə bu rəqəm 1 milyard 500 milyon dollara bərabər olub. Beləliklə, qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 25,4 artıq artıb. Bu çox mühüm amildir. İxrac artırsa demək, istehsal genişlənir, gəlir yüksəlir.

Əvvəlki şərhlərimdə də yazdığım kimi iqtisadiyyatda şəffaflığın genişləndirilməsi və kölgə iqtisadiyyatına qarşı mübarizənin gücləndirilməsi ilə açıq rəqabət mühitinin yaradılması sayəsində dövlət büdcəsinə proqnozlaşdırılan gəlirlərin, o cümlədən, qeyri-neft sektorundan vergilərin artıqlamasıyla təmini iqtisadi yüksəlişin dayanıqlı xüsusiyyət kəsb etməsi üçün əsas şərt sayılır.

Ümumiyyətlə, ölkəmizdə qeyri-neft sektorunun inkişafı artıq, neçə illərdir hökumətin qarşısında prioritet hesab olunur ki, bu istiqamətdə bütün zəruri vasitələr və siyasət həyata keçirilir. Xüsusən də 2014-2015-ci illərdə dünyada neftin qiymətinin kəskin şəkildə enməsi səbəbindən 2015-ci ildə manatın məzənnəsinin iki dəfə devalivasiyaya uğraması faktı 2016-cı ildən etibarən qeyri-neft sektorunun inkişafını əvvəlki illərdəkindən fərqli olaraq, daha fövqəladə bir məqsədə çevirib.

Bunu həmin ildən sonra qeyri-neft sektorunun inkişafı ilə bağlı hökumətin qəbul etdiyi qərar və sərəncamların, o cümlədən qanun və dövlət proqramları kimi müxtəlif sənədlərin sayı da sübut edir. Bunlar əvvəlki illərlə müqayisədə xeyli artdı. Və bütün bunların icrası nəticəsində də son 6 il ərzində çox böyük irəliləyişlər əldə edildi və bu irəliləyiş davam edir. Bu, özünü ÜDM istehsalında qeyri-neft sektorunun payının yüksəlməsində, yuxarıda qeyd etdiyim kimi qeyri-neft sahəsi üzrə ixracın və bu sektordan büdcəyə gəlirlərin artmasında göstərməkdədir.

Cari ilin yanvar-may ayları ərzində qeyri neft-qaz sektoru üzrə ÜDM ötən ilin eyni dövrüylə müqayisədə 11 faiz artıb ki, ümumən sənaye məhsulu 3,3 faiz artdığı halda qeyri neft-qaz sənayesi üzrə bu rəqəm 14,3 faiz təşkil edib. Dövlət büdcəsinə məhz qeyri neft-qaz sektorundan gəlirlərin genişlənməsi sayəsində 2019-cu ildən bəri minimum əməkhaqqının və pensiyanın, ümumiyyətlə sosial ödənişləri xeyli artırmaq mümkün oldu. Təkrar edirəm, bu, məhz qeyri-neft sektorundan əldə edilən gəlirlərin hesabına mümkün olub və olur. Belə ki, dövlət başçımız İlham Əliyevin tapşırığı ilə bu ilin əvvəlindən icra olunmağa başlanan illik maliyyə tutumu 2,1 milyard manata bərabər 3,4 milyon insanı əhatə edən sosial paket də qeyd etdiyim dayağa söykənir.

Deyilə bilər ki, neftin qlobal bazar qiymətləri də son illər ərzində bizim üçün əlverişli həddədir və bunun da rolu var. Ancaq sosial istiqamətdə həyata keçirilən artımlar təkcə neft gəlirlərimizin hesabına deyil. Cari ilin dövlət büdcəsinə dəyişiklər də sırf olaraq neftin qiymətiylə bağlı olmadı və buna əsasən, qeyri neft-qaz sektorundan əldə olunan gəlirlər rəvac verdi. Qeyd olunana misal olaraq büdcəyə yenidən baxılması nəticəsində Neft Fondundan tranfert məbləğinin nəyinki artırılmaması, azaldılmasını göstərmək olar.

Ümumiyyətlə, cari il ərzində dövlət büdcəmizin ümumi gəlirlərinin 54,8 faizini və yaxud 14 milyard 690 milyon manatını neft, 45,2 faizini və ya 12 milyard 126 milyon manatını isə qeyri neft-qaz sektorundan daxilolmalar təşkil etməlidir.

Bəs, qeyri neft-qaz sektorunun bu tempdə inkişafı yaxın gələcəkdə nə vəd edir? Ölkədə sözügedən sektorun daha sürətli inkişafı istiqamətdə işlər davam etdirilir. Hökumət qeyri neft-qaz sektorunun bütün istiqamətlərdə inkişaf etməsinə nail olmaq istəyir. Belə ki, sektor üzrə ixracın genişləndirilməsi ilə yanaşı, çeşidin artırılmasına da cəhd göstərilir. Odur ki, hesab edirəm, yaxın perspektivdə bu sektorda gəlirlərimiz bir az da arta bilər və artacaq da. Ümumiyyətlə, ÜDM istehsalında qeyri-neft sektorunun payı neft sektorunun payını ötəcək.

Dövlət büdcəmizin mədaxilində qeyri-neft sektorundan əldə etdiyimiz gəlirlər neft-qaz sektorundan əldə etdiyimizlə bərabərləşəcək. Buna nail olsaq, dünya bazarında neftin qiymətindən asılı olmağımıza səbəb qalmayacaq. Və mövcud makroiqtisadi sabitlik daha möhkəm xarakter daşıyacaq. Başqa sözlə, dünya bazarlarında neftin qiymətinə bağlı olmağımız fövqəl xarakter daşımayacaq.


Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: İqtisadiyyat  





Xəbər lenti